Roskosmosun strukturu dəyəri 299 milyard rubla qiymətləndirilən qlobal peyk sisteminin detallarını açıqlamışdır. “Efir” adlanacaq sistem 288 peykdən ibarət olacaq və onun yaradılması üçün fərdi investorlar və fondlar tərəfindən maliyyələşdirilməsi istiqamətində işlərin aparılması planlaşdırılır.

Roskosmos dövlət korporasiyasının törəmə şirkəti olan “Rossiyskie Kosmiçeskie Sistemı”(RKS) şirkəti ötən gün “Efir” qlobal peyk rabitə sistemi layihəsini təqdim etmişdir. Sistemin yer səthindən 870 km yüksəklikdə yerləşəcək 288 peykdən ibarət olacağı planlaşdırılır və yerin bütün səthini siqnallarla əhatə edəcəkdir. Onun istifadəçiləri telefon rabitəsi və internet xidmətləri ilə təchiz ediləcəkdir. Şirkətdə həmçinin bildirilmişdir ki, bundan başqa sistem vasitəsilə əşyalar inerneti xidmətləri göstəriləcək və nəqliyyatın hərəkəti və pilotsuz uçuş aparatlarının monitorinqi həyata keçiriləcəkdir. Məlumatda həmçinin bu layihə ilə hasilat sənayesinin, energetika şirkətlərinin, mənzil kommunal təsərrüfatı, kənd təsərrüfatı, nəqliyyat, elektron kommersiya, səhiyyə, təhsil və əyləncə sənayesinin maraqlandıqları bildirilir. Efirin istismara verilməsi 2025-ci ilə planlaşdırılır. 

RKS layihənin həyata keçirilməsi məqsədilə “Energiya” raket- kosmik korporasiyasının və telekommunikasiya sənayesi nümayəndələrinin iştirakı ilə konsorsium yaratmaq niyyətindədir. RKS bu sistemi Rusiya həlləri və komponentlərinin əsasında yaratmaq niyyətində olduğunu bildirmişdir.

Qeyd edim ki, “Efir” sistemi İlon Maskın SpaceX şirkətinin 12 min peykdən ibarət peyk qruplaşmasını özündə birləşdirən Starlink layihəsi və Britaniyanın 720 aşağıorbital peyk qruplaşmasından ibarət OneWeb layihəsinə alternativ yaradılır. Bu layihələrin dəyəri uyğun olaraq 10 və 1,7 milyard dollar qiymətindədir.