Bu gün Azərbaycanda məlumatların emalı və saxlanılması(MES) və həmçinin İT dünyasında aktual tendensiya olan bulud xidmətləri bazarının hansı dinamika ilə inkişaf etməsi haqqında hər hansı bir hesabatın olmaması bu bazarın artım tempi, dinamik inkişafı haqqında hər hansı bir fikir yürütməyə imkan vermir. Məsələn “AzInTelecom” Milli Data Mərkəz(DM) operatoru 3 illik fəaliyyəti dövründə bu seqmentdə ildən ilə nə qədər artımın olması haqqında məlumat dərc etmədiyindən adı çəkilən xidmət bazarının Respublikamızda hansı prinsip və meyarlarla formalaşdırılması haqqında hər hansı bir fikir yürütmək olmur. Bu kimi məlumatlar olduğu təqdirdə bəs əsas məsələ olan bulud və MES-in artıq lokal deyil, beynəlxalq ekspansiyasına nail ola biləcəyikmi? Azərbaycanın əlverişli coğrafi mövqeyi, ucuz və əlçatan elektrik enerjisinin olması məlumatların emalı və saxlanılması üzrə böyük rəqabətqabiliyyətli gücün qurulması üçün yüksək potensial formalaşdırır. Bizim məqsədimiz isə bu potensialı ölkə üçün real iqtisadi üstünlüyə çevirməkdən ibarət olmalıdır. Bunun üçünsə ümumiyyətlə,  Azərbaycanda Data Mərkəz xidmət bazarı və infrastrukturunun inkişafının sürətləndirilməsi üzrə stimullaşdırıcı tədbirləri müəyyən etməklə milli data mərkəz bazarının(MES və bulud xidmətləri) ixrac potensialı tam araşdırılmalıdır. Bu istiqamətdə milli Data Mərkəz operatoru “AzInTelecom”un üzərinə xüsusi ilə böyük məsuliyyər düşür.

Hesab edirəm ki, Azərbaycanda və dünyada məlumatların emalı və saxlanılması infrastrukturunun inkişafının əsas istiqamətləri  müəyyən edilməli, data mərkəz xidməti göstərən operatorların rəqabətqabiliyyətli olması təhlil edilməli, bu xidmətlərin ixrac potensialı müəyyən edilməlidir. Data Mərkəzin yeni priorietləri və tapşırıqları müəyyən edilməlidir. Unutmaq olmaz ki, Data Mərkəz innovativ inkişafın fundamentidir və informasiya infrastrukturunun əsas təşkiledicisidir. Odur ki, onun istismarı operatorun biznesinin şaxələndirilməsi istiqamətində mühüm addım olardı və ən azından AzInTelecom onun istismar və kapital xərclərini dərc etsəydi MDB məkanında Azərbaycan data mərkəz sənayesinin neçənci yerdə yerləşməsini hardasa müəyyən edə bilərdik.

Qeyd edim ki, MDB-də Rusiya və Qazaxıstan data mərkəz bazarı xidmətləri seqmentində liderdir. Bu ölkələrin data mərkəz operatorları mütəmadi olaraq statistik hesabatları dərc edir və onların nəticələri İDC və Gartner kimi beynəlxalq nüfuzlu nəşrlərdə dərc edilir. Bəs bizdə necə nədən bunu müəyyən edə bilmirik? Bunu “AzInTelecom”mu etməli yoxsa milli İT assosiasiyası etməlidir. Bu hesabat olmadığından Azərbaycan Data Mərkəz bazarının gəliri və dünyadakı payı haqqında fikir söyləmək təəssüf ki absurddur.

Onu da unutmayaq ki, milli oyunçularımızın(DM bazar oyunçuları) dünya bazarında mövqelərinin möhkəmlənməsi Azərbaycan iqtisadiyyatı üçün son dərəcə vacibdir və bizə bizim operatorların ixrac potensialını dəstəkləmək lazımdır. Bu məqsədlə Data Mərkəz xidmətləri bazarının həcmi haqqında məlumatların olması bu seqmentin real inkişaf dinamikasını, ümumi mənzərəsi Respublika İT icmasına aydın olar və xüsusilə İDC və Gartner kimi nüfuzlu nəşrlərdə Azərbaycan Data Mərkəz sənayesi bazarının həcmi və onun dünya DM reytinqində neçənci yerdə qərarlaşdığını gələn il dərc ediləcək 2019-cu il hesabatında görərdik. Bu beynəlxalq investorların ölkəmizin İKT sektorunun cəlbedici olması, maraq göstərməsi baxımından da son dərəcə önəmlidir. Bəs bu hesabatı kim nəşr etməli “AzInTelecom”mu(milli data mərkəz operatoru) yoxsa milli İT assosiasiyası(əgər bu bazarı araşdıran işlək birisi varsa)? Azərbaycan Data Mərkəz xidmətləri bazarı necə formalaşır və ümumilikdə bazar həcmi nə qədərdir? Bu sual açıq olaraq qalır.